Xaçmazdakı səyyar sərginin vaxtı uzadılıb
YARAT Müasir İncəsənət Məkanının Xaçmaz şəhərində incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinin vaxtı uzadılıb. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq.
Qeyd edək ki, ekspozisiyada Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin YARAT “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun “Reuse, Reduce, Recycle” instalyasiyası nümayiş̧ olunur.