Alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Yazıçının “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanı Almaniyada bir neçə dəfə nəşr edilib, hekayələri və povestləri toplanmış kitabları bu ölkənin müxtəlif nəşriyyatlarında işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib.

Bu günlərdə nüfuzlu “Epubil” və “Pem” nəşriyyatları Elçinin hekayələrindən ibarət daha iki kitabını nəfis şəkildə nəşr edib. “Sarı gəlin” adlı kitaba müəllifin eyniadlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, “Missiya” adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.

 “Epubil” və “Pen” nəşriyyatlarının çap etdiyi kitablar Avstriya və İsveçrə kitabxanaları tərəfindən alınır. “Amazon”, “Buchkatalog”, “Thalia”, “Higendubel”, “Veltbild” kimi dünya və Avropanın məşhur internet satış firmaları da bu kitabları əldə edir.