“Düşməni qovmuşuq, Azərbaycanın bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki əsrlər boyu biz yaşamışıq”

 

Xudafərin körpüsündə qürur anı: “Bu gün həyatımda xüsusi tarix olaraq qalacaq”

 

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

Prezident İlham Əliyev bu sözləri noyabrın 16-da Füzuli rayonunda deyib.

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Prezident İlham Əliyev Füzuli rayonunda olarkən Şuşa şəhərinə yol çəkilişi ilə işlərlə tanış olub.

Dövlət başçısı vurğulayıb ki, noyabrın 8-də Şuşa işğaldan azad olunandan sonra artıq düşmən bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyət kəsb etməyəcəyini anladı və noyabrın 10-da faktiki olaraq kapitulyasiya aktını imzaladı: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

“Bu gün artıq biz quruculuq işlərinə başlamışıq” – deyə Prezident sözünə davam edib: “Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.

Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”.

Düşməni faktiki kapitulyasiya aktına imza atmasından sonra işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonlarının da yaxın günlərdə Azərbaycana qaytarılacağını deyən dövlət başçısı deyib: “Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

Prezident vurğulayıb ki, bu təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır: “Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi – Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdiriblər.

 

***

 

Dövlətimizin başçısı və birinci xanım sonra işğaldan azad olunmuş Füzuli şəhərinə gəliblər.

Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırır.

Prezident deyib: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq”.

Dövlət başçısı vurğulayıb ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır. Çünki 30 il səssiz qalıb, 30 il biganə qalıb: “O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan bu tarixi zəfəri ilə Ermənistan rəhbərliyi və onların havadarları tərəfindən ortalığa atılan “erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir” uydurmasını da dağıtdı və göstərdi ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır: “Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”.

 

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”

 

Dövlət başçısı qeyd ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz: “Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?

Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz”.

Prezident vurğulayıb ki, işğaldan azad edilmiş bütün yerlər bərpa ediləcək: “İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.

 

***

 

Daha sonra Cəbrayıl rayonuna yola düşən dövlətimizin başçısı yol kənarına toplaşan insanlarla görüşüb.

 

“Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda” 

 

Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib: “Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir.

Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq.

Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik”.

Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəliblər. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.

Prezident və birinci xanım Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər. Sonra Cəbrayıl şəhərinə yola düşüblər.

Cəbrayıl şəhərinə gedən yol boyu mənzərə də erməni işğalçılarının çirkin üzünü göstərir.

Prezident İlham Əliyev: “Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəliblər.

Xalqımızın uzun illər həsrətində daha bir qürurverici an.  Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırır: “Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şəhər ərazisindəki dağıntılara baxan dövlət başçısı deyib: “Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.

Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar – hamısı düşmən tərəfindən sökülüb.

Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.

Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.

Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər...

Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.

Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.