Noyabrın 16-da Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq tədbir çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatının keçiriləcəyini bildirdi. Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın (“Şamaxı”, “Xilə-buta”, “Xətai”, “Əjdahalı”, “Naxçıvan”) təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub. Qeyd olundu ki, xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır. Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu. Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr olunan xalça toxuyub. Hazırda həmin əsər muzeyin kolleksiyasında saxlanılır.

Sonra Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

***

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əzəli Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı şanlı Qələbə münasibətilə təbriklərini çatdırdı, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət dilədi.

Anar Kərimov xalçaçılıq sənətimizin UNESCO siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qonaqları və Azərbaycan xalçaçılarını təbrik edərək bu sahədə çalışanlara uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir: “Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb. Sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilən və artıq Bakı şəhərinin simvollarından birinə çevrilmiş açılan sehrli xalça formalı bu bina xalçaçılıq sənətinə verilən dəyərin bariz nümunəsidir”.

Qeyd olundu ki, dövlət tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması böyük əhəmiyyət kəsb edir. 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə “Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun keçirilməsi də bu diqqətin təzahürüdür: “Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Bu ilin 29 yanvar tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında təşkil olunan “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də bu qəbildəndir”.

Hazırda ölkəmizdə hər kəsin böyük qürur və iftixarla şanlı Qələbəni qeyd etdiyini vurğulayan Anar Kərimov müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanacağını bildirdi: “Bu isə o deməkdir ki, illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəriblik həyatı yaşayan xalçalar doğma məkanında sərgilənəcək”.

Anar Kərimov çıxışının sonunda xoş müjdəli bir xəbəri də tədbir iştirakçıları ilə bölüşdü: “Yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası da əldə edilərək vətənə qaytarılacaq. XVIII-XIX əsrlərə aid bu xalça nümunələri Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”.

***

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycan–UNESCO əlaqələrinə toxundu. Bildirdi ki, Azərbaycan xalça sənətinin UNESCO siyahısına daxil edildiyi 16 noyabr eyni zamanda bu təşkilatın yaradıldığı gündür, bu gün UNESCO-nun 75 yaşı tamam olur. Bildirdi ki, ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu var. Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Vidadi Muradov isə çıxışında Qarabağ xalçaları, Şuşa Xalça Muzeyinin fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırdı.

Sonra qonaqlar “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış oldular.

Tədbirin sonunda Anar Kərimov kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırdı.

L.AZƏRİ