Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. 13 noyabrdan 31 dekabradək davam edəcək müsabiqəyə 18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar 1 nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dillərində hazırlaya bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir.

***

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə daha bir yaradıcılıq yarışması – “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsi başlanıb.

Müsabiqənin məqsədi musiqi tariximizdə zənginliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə qədim və müasir el havalarının öyrənilməsi və qorunmasıdır.

Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları; gözəlləmə; müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulur. Yarışmaya 18-20 yaşlı gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak etmək və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Hər iki müsabiqə ilə bağlı (012) 492-57-67; (055) 902-38-56 (“WhatsApp”); (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.