Azərbaycan

 

18 noyabr 1990 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

18 noyabr 1994 – Görkəmli teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (25.3.1897 – 1994) vəfat edib.

18 noyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib. Musiqili komediyaların, populyar mahnıların müəllifidir, çoxsaylı filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi yazıb.

 

19 noyabr 1907 – Xalq artisti Kseniya Lvovna Babiçeva (1907-1984) anadan olub. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

19 noyabr 1915 – Bəstəkar, tarzən Hökümə Yusif qızı Nəcəfova (1915-2002) Bakıda anadan olub. “Kaş ki, gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.

19 noyabr 1935 – Tanınmış dilçi alim, professor, AMEA-nın müxbir üzvü Zemfira Nadir qızı Verdiyeva (1935 – 8.11.2010) anadan olub. German dilləri üzrə elmlər doktoru olmuş ilk azərbaycanlı alimdir. Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) rektoru olub.

 

20 noyabr 1910 – Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910-1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.

20 noyabr 1930 – Tanınmış aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud”, “Doğma sahillər” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.

20 noyabr 1930 – Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 – 18.11.1995) anadan olub.

20 noyabr 1935 – Xalq artisti, məşhur xanəndə Qədir Çərkəz oğlu Rüstəmov (1935 – 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

20 noyabr 1956 – Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896 – 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.

20 noyabr 1975 – Bakıda Üzeyir Hacıbəylinin Ev-Muzeyi açılıb.

 

Dünya

 

18 noyabr 1786 – Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber; 1786–1826) anadan olub.

18 noyabr 1787 – Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre; 1787–1851) anadan olub.

18 noyabr 1860 – Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (İgnacy Padereweski; 1860–1941) anadan olub.

18 noyabr 1927 – Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov (1927–2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”, “Qaraj” və s.

 

19 noyabr 1528 – İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.

19 noyabr 1711 – Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.

19 noyabr 1843 – İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.

19 noyabr 1900 – Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers – əsl adı Netty Reiling; 1900-1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.

19 noyabr 1903 – Məşhur baletmeyster və pedaqoq, SSRİ-nin Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.

 

20 noyabr 1910 – Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 – 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.

20 noyabr 1927 – Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927–2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı” və s.

Hazırladı:  Vüqar ORXAN