Olaylar, faktlar (24 – 28 iyul)

 

301 il əvvəl...

 

28 iyul 1723-cü ildə I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycana ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.

 

220 il əvvəl...

 

27 iyul 1804-cü ildə Rusiya-İran müharibəsində (1804–1813) ilk toqquşma – Üçmüəzzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüəzzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rusları məğlub ediblər.

 

110 il əvvəl...

 

28 iyul 1914-cü ildə I Dünya müharibəsi (1914–1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı” (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) arasında müharibə Avstriya-Macarıstanın Serbiyaya savaş elan etməsi ilə alovlanıb. 1 avqustda Serbiyanın müdafiəçisi kimi Rusiya müharibəyə qoşulub. Ardınca Almaniya,  avqustun 3-də Fransa, 4-də Britaniya, sonra Osmanlı dövləti savaşa qatılıb. Dörd il (11 noyabr 1918-ci ilədək) sürən müharibədə ümumilikdə 38 dövlət iştirak etmiş, 12 milyondan çox insan həlak olmuşdu. Müharibə nəticəsində dörd imperiya (çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, kayzer Almaniyası) süqut etdi.

 

105 il əvvəl...

 

25 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsində üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.

 

101 il əvvəl...

 

24 iyul 1923-cü ildə Yaxın Şərq və keçmiş Osmanlı imperiyası üzrə Lozannada (İsveçrə) 1922-ci ildə başlanan konfrans başa çatıb. Konfrans Osmanlının məcburən imza atdığı Sevr müqaviləsini (10 avqust 1920-ci il) tanımayan Türkiyənin tələbi ilə çağırılmışdı. Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisi indiki sərhədlər çərçivəsində təsbit olundu.

 

72 il əvvəl...

 

27 iyul 1952-ci ildə Volqa-Don kanalı istifadəyə verilib. 101 kilometr uzunluğunda olan kanal Xəzər dənizi ilə Qara dənizin naviqasiya sistemini birləşdirmək üçün strateji əhəmiyyət daşıyır. Kanal Azərbaycanın Xəzərdəki gəmilərinin dünya okeanına (Qara dəniz – Aralıq dənizi) çıxışı üçün yeganə su yoludur.

 

32 il əvvəl...

 

25 iyul 1992-ci ildə Gürcüstanın Abxaziya bölgəsində münaqişə alovlanıb. Muxtar respublika rəhbərliyinin Gürcüstanın tərkibindən çıxmaq barədə qərarından sonra aparılan siyasi dialoq nəticə verməyib və hərbi toqquşmalar başlanıb. Bu, Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişələrindən sonra postsovet məkanında dördüncü konflikt idi.

 

30 il əvvəl...

 

26 iyul 1994-cü ildə Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılıb. 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyi kimi fəaliyyət göstərib, sonra yenidən Gənclər və İdman Nazirliyi olub.

Hazırladı: V.Orxan