Heydər Əliyev Fondu Vatikanda (Roma şəhəri) Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini başa çatdırıb. Layihə 2019-cu ilin fevralında Fond ilə Müqəddəs Pyotr kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfər çərçivəsində sözügedən barelyefin də yerləşdiyi Müqəddəs Pyotr kilsəsinin bazilikası ilə də tanış olublar. Bu məbəd italyan İntibah memarlığının ən məşhur nümunələrindən biridir. Müqəddəs Pyotr bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu layihələr ölkəmizin ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Eyni zamanda bu, müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə ehtiramın göstəricisidir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyada mövqeyini, həmçinin dinlərarası dialoqun qurulmasında rolunu möhkəmləndirir.