Azərbaycan Turizm Bürosu (ATB) Londonda keçirilən Dünya Səyahət Bazarında (“WTM London-2020”) təmsil olunub. Dünyanın ən iri turizm sərgilərindən biri pandemiya səbəbindən bu il virtual formatda gerçəkləşib.

ATB əməkdaşları sərgi çərçivəsində bir sıra onlayn görüşlər keçiriblər. Virtual görüşlər çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların turizm potensialı, müvafiq infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib. Görüş iştirakçıları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə artıq turizm imkanlarını tam göstərə biləcəyini qeyd ediblər.

Noyabrın 9-dan 11-dək davam edən “WTM London-2020”də Şimali Amerika, Avropa, Asiya və Körfəz ölkələrindən olan şirkət nümayəndələri ilə ümumilikdə 110 görüş keçirilib. Görüşlər zamanı Azərbaycanda olan turizm trendləri və hazırda inkişaf edən layihələr barədə də məlumatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən London Dünya Səyahət Bazarına qatılır.