Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Vətən müharibəsində Qələbə çaldığımız, 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqların işğaldan azad olduğu bu günlərdə onlayn aksiyalarla, xarici dillərdə videoçarxlar hazırlayıb paylaşmaqla bu tarixi zəfəri internet istifadəçilərinə çatdırır.

Kitabxananın sosial şəbəkə səhifələrinə yerləşdirilən “Qarabağ Azərbaycandır!” sosial çarxı da oxucuların böyük marağına səbəb olan olub. Kitabxana əməkdaşları xaricdə yaşayan həmyerlilərimizin iştirakı ilə “Biz haqq yolundayıq. Zəfər bizimdir! Qarabağ Azərbaycandır!” şüarının dünyanın 15-dən çox dilində səsləndirildiyi videoçarx hazırlayıblar.

Videoçarxda müxtəlif ölkələrdə yaşayan , qəlbi Azərbaycan sevgisi ilə döyünən həmvətənlər yer alıb. Videoçarx Azərbaycanın Xalq  şairi Səməd Vurğunun

“Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi”

misraları ilə başlayır.

Qarabağın Azərbaycanın ayrılmaz torpaqları olması haqqında fikirlər türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə səsləndirilir.

İstifadəçilər videomateriala aşağıdakı link vasitəsilə baxa bilərlər:

https://www.instagram.com/tv/CHDvcipht1Q/