Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 16-da işğaldan azad olunan Füzuli rayonunda olarkən Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. “Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”, – deyə dövlət başçısı vurğulayıb.

Noyabrın 17-də Prezident İlham Əliyev “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə yeksan edilib.

Bildirilir ki, dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.

Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.