Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 17-də “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

Rusiya rəhbəri xatırladıb ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar əvvəlcə 5 rayonun, sonra isə 2 rayonun Azərbaycana qaytarılması, Azərbaycanın Laçın rayonu ərazisində dəhliz yaradılması, köçkünlərin öz yerlərinə qaytarılması və Dağlıq Qarabağın statusunun tanınması prinsipi barədə olub. Vladimir Putin deyib: “Əgər biz bu razılaşmaya nail ola bilsəydik, müharibə olmazdı. Mən indi də buna tam əminəm”.

Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı suala cavabında Rusiya lideri deyib: “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?”.

V.Putin xatırladıb ki, indiyə qədər heç bir ölkə, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri özünə qaytarıb. “Bununla əlaqədar Azərbaycan ona kömək göstərən hər hansı müttəfiqi seçmək hüququna malikdir”, - deyə o bildirib. Rusiya rəhbəri qeyd edib ki, Türkiyə lap əvvəldən Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun üzvüdür, Türkiyəni “beynəlxalq hüququ pozmaqda” ittiham etmək çətindir.

Jurnalistin “Belə bir təhlükə yoxdurmu ki, Ermənistanda hakimiyyətə gələcək insanlar imzalanmış bəyanatı yerinə yetirməkdən imtina edərlər” sualına cavab olaraq Rusiya Prezidenti deyib ki, bu, intihara bərabər böyük səhv olardı, “ümidvaram ki belə olmayacaq”.

***

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri  olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”, – deyə XİN-in Mətbuat xidməti idarəsindən yayılan açıqlamada vurğulanır.

Qeyd olunur ki, müharibənin dayandırılması ilə bağlı Rusiya Prezidentinin şəxsi rolu, üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir. “Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir”, – deyə Azərbaycan XİN-dən bildirilib.