Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Koronavirus (COVİD-19) nfeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabradək uzadılır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti noyabrın 19-da qərar qəbul edib. Xatırladaq ki, bundan öncə karantin rejimi dekabrın 1-dək uzadılmışdı.

Eyni zamanda həftəsonu (şənbə və bazar günləri) sərt karantin qaydalarının tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda dünyada COVİD-19 infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Son günlərdə Azərbaycanda da virusa yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

 

- Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

- Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

- 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

- 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

 

Məlumatda o da diqqətə çatdırılır ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Qeyd edək ki, Nazirlər Kabineti noyabrın 19-da “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar qəbul edib. Qərara əsasən, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

İnzibati Xətalar Məcəlləsinin sözügedən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 yüz manat məbləğində cərimə edilir.

***

Dünyada koronavirusa yoluxma sürətlə artmaqdadır. Azərbaycanda da artım tendensiyası ciddi narahatlıq doğurur. Ölüm sayında da artımın olması ciddi narahatlıq yaradır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə deyib.

Hikmət Hacıyev bildirib: “Yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemi qarşısında ciddi tapşırıqlar qoyur. Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür. Şəxsi heyət arasında yoluxma halları özünü xüsusi büruzə verməyib. Hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın. Vətən müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq”.

Prezidentin köməkçisi qeyd edib ki, ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib. Bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir: “Yaralı əsgərlərimizin koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Ona görə də bu kimi zərurətləri, artım templərini nəzərə alaraq, Operativ Qərargah bir sıra qərarlar qəbul edib”.

Brifinqdə çıxış edən Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva diqqətə çatdırıb ki, artıq bir sıra ölkələrdə, o cümlədən Türkiyədə sərtləşmələr elan olunub, Rusiyada isə regionlarda sərtləşmələr həyata keçirilir: “İndiyə qədər Azərbaycanda lokal sərtləşmələrə gedilib.  Ancaq bu, gözlənilən nəticəni verməyib. Bunun səbəbi insanların kütləvi şəkildə toplanmasıdır. İnsanlar evlərdə kütləvi bir yerə toplaşırlar, ailə içində, tam ailə şəklində yoluxmalar çoxdur”.

TƏBİB-in rəsmisi diqqətə çatdırıb ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər. Qeyd olunub ki, hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir və ən təsirli tədbir karantindir.