Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova Türk Şurası Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Parlamentin spikeri qonaqları salamlayaraq bildirib ki, onların rəhbərlik etdiyi qurumlar türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə mühüm töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir.
Görüşdə sədr Beynəlxalq Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən də söz açıb.
TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin Sədrini, Azərbaycan xalqını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ediblər.
Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyətində olduqlarını söyləyib, fikirlərini bölüşüblər.