Xarici jurnalistlər işğalçıların Füzulidə törətdiyi vəhşiliyi öz gözləri ilə görüblər

Bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaqda olduğunun sübutudur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu sözləri noyabrın 18-də bir qrup yerli və xarici jurnalistlə birlikdə azad edilmiş Füzuli rayonuna səfərdən sonra “Twitter” hesabında paylaşdığı videolara şərh olaraq yazıb.

Videolarda ermənilərin vandalizminə məruz qalmış Füzuli şəhərinin xarabalıqları əks olunub.

Füzulidə bütün binaları dağıdıb-talan edən düşmən goreşən xislətini qəbiristanlıqlarda da göstərib. Şəhər məzarlığında qəbir daşları, məzarların ətrafındakı dəmir hasarlar sökülərək aparılıb.

Media mənsubları yerlə yeksan edilmiş Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələrini,  27 il ərzində burada baş vermiş vandalizmi öz gözləri ilə görüblər. Jurnalistlərə məlumat verilib ki, ermənilər Füzuli rayonunda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərlidir o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan.

Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir rayon, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti.

Bu gün eyni zamanda sevincli gündür, çünki işğaldan azad edilmiş torpağımızdayıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək.

Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrin qalıqlarını görmək imkanı oldu: “Burada Orta əsrlərin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Azərbaycan Prezidentinin dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlar atacaq”.

Hikmət Hacıyev vurğulayıb ki, səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

“İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza minnətdarıq. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq”, - deyə Prezidentin köməkçisi bildirib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, erməni terroru nəticəsində rayonun 105 min əhalisi pərən-pərən düşüb: “Gördüyünüz kimi Füzulidə yararlı bina qalmayıb. İctimai binalar, evlər, fabriklər, məktəblər, uşaq bağçaları yerlə yeksan edilib. İnanırıq ki, xarici ölkələrin media nümayəndələri erməni vəhşiliyini bütün dünyaya çatdıracaqlar”.

Öz evinin qarşısında dayandığını söyləyən Füzuli şəhər sakini Şadiyyə Qəhrəmanova müzəffər Ali Baş Komandana, əsgərlərimizə, şəhidlərimizin analarına dərin təşəkkürünü və minnətdarlığını bildirərək deyib: “Otuz ilə yaxın bir müddət keçdikdən sonra yenə mən öz həyətimi, uçuq divarları olsa da, öz evimi görürəm. Media təmsilçilərindən xahiş edirəm ki, bizim haqq işimizi dünya ictimaiyyətinə çatdırsınlar”.

Füzuli şəhər sakini Vəliyev Vaqif deyib: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki işğaldan azad olunmuş Füzuli şəhərində evlərimizi görürük. Prezident İlham Əliyev bizim qürurumuzu özümüzə qaytardı. Prezidentimizin dediyi kimi, hər şey öz yerini alacaq, bütün binalar bərpa olunacaq. Mən Ali Baş Komandana və Azərbaycan Ordusuna füzulililər adından minnətdarlığımı bildirirəm. Eşq olsun Ali Baş Komandana, Azərbaycan Ordusuna!”.