Kanadada qədim ev bir şəhərdən digərinə maraqlı üsulla daşınıb. Ford ailəsi Vankuver şəhəri ətrafında 1915-ci ildə tikilmiş evi sökmədən yükdaşımanı həyata keçirən şirkət vasitəsilə su nəqliyyatı ilə bir şəhərdən digərinə aparıb. Xüsusi platformaya yerləşdirilən karkas ev barjada 8 saat üzərək mənzil başına çatıb.

Altı nəfərdən ibarət ailə 100 min dollara başa gələn “yeni mənzilə” sahib olub. Kanadada bu cür qədim evlərin qiyməti təqribən 750-800 min dollardır.

***

Təkərlər üzərində qurulan və “Optinid” adlanan evin sahəsinin 19 kvadratmetr olmasına baxmayaraq, yaşamaq üçün çox rahatdır.

Uzunluğu 6,6 metr, eni 2,5 metr olan evin əsas üstünlüyü onun təkərlər üzərində hərəkət etməsidir. Məhz bunun hesabına ev sahibi təbiətin istənilən guşəsində yaşaya bilər. Ev kiçik görünsə də, istilik, elektrik və su ilə təmin edilib. Bundan başqa, burada vanna otağı, eləcə də divan və ikiyerlik çarpayıdan ibarət qonaq otağı var.

***

Rusiyanın “Kult-Stroy” inşaat şirkətinin layihəsi ilə tikilən “tərsinə ev” isə nəinki uşaqlar, hətta yaşlılar arasında da böyük rezonans doğurub. Burada fizikanın qanunları və qravitasiya işləmədiyindən insanlar özlərini sehrli dünyaya düşmüş kimi hiss edirlər.

1,5 ay qurulan və təqribən 2,5 milyon rubla (32 min dollar) başa gələn “tərsinə ev”dən əsas etibarilə iri şəhərlərdə attraksion, foto-zona və oyun otağı kimi istifadə olunur.

SƏBİNƏ