Noyabrın 22-də dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasının 98-ci ildönümüdür.

Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov yaratdığı əsərlərlə milli mədəniyyətimizə yeni nəfəs gətirib. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

Əslən şuşalı olan Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Onun diplom işi “Ulduz” operası olub. Sonra “Nizaminin xatirəsinə” simfoniyasını, “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını, “Sevil” operasını yazıb.

Fikrət Əmirov müxtəlif janrlarda əsərlərin müəllifidir. Onun “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri daha populyardır. Yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb. O, bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet sənətkara böyük şöhrət qazandırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib, Bakıdakı Fəxri xiyabanda dəfn olunub.