Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 87-ci ildönümü tamam olub.

Bu münasibətlə mədəniyyət xadimləri, Rasim Ocaqovun yaxınları 2-ci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi filmlər Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir.

Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”.

İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq Rasim Ocaqovun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır.