Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri noyabrın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən səsləndirib.

Rusiya Prezidenti Vladimir Putinin şəxsi rolunu xüsusi qeyd edən dövlətimizin başçısı deyib: “O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır”.

Prezident İlham Əliyev regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd edib: “Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”.

Prezident İlham Əliyev deyib: “Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə, çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik”. .

Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən ATƏT Minsk qrupunun digər üzvlərinin gec də olsa, bəyanata müsbət münasibət bildirmələrindən danışan Prezident bildirib ki, əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik: “Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq”.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid etməsi barədə fikrinə də tamamilə şərik olduğunu vurğulayıb: “Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik”.