“Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk”.

Bu sözləri xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə Füzulidə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

Diplomatik korpus nümayəndələrinin Füzuliyə səfəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib.

Erməni işğalçıları tərəfindən dağıdılmış Mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib. H.Hacıyev qeyd edib ki, kabus şəhərə çevrilmiş Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq.