C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Ali Baş Komandan, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şərəflə döyüşən və adını şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında “Mənim qəhrəman əsgərim!” adlı esse və şeir müsabiqəsi elan etmişdi. Noyabrın 20-də müsabiqəyə yekun vurulub.

Müsabiqədə iştirak üçün kitabxananın elektron poçt ünvanına çoxlu sayda şeir və esse nümunələri göndərilib. Əsərlər kitabxananın sosial şəbəkələrində yayımlanıb və qalib onlayn səs çoxluğu əsasında (“bəyənmə” sayına görə) seçilib.

Onlayn səsvermə nəticəsində “Vətən çağırır” şeirinin müəllifi Həsənzadə Sevinc qalib olub. O, şeirdə xalqımızın 30 illik torpaq həsrətindən, şəhid hərbçilərimiz Polad Həşimov, İlqar Mirzəyev kimi igid Vətən oğullarından bəhs edib.

Bununla yanaşı, Respublika Gənclər Kitabxanası təşkilatçılıq hüququndan istifadə edərək daha bir qalibin seçilməsinə qərar verib. Bu müsabiqəyə  Azərbaycan Ordusuna həsr olunmuş videoçarxla qatılan Məsim Məmmədov olub. O, yazdığı şeirə musiqi bəstələyərək, mahnını özü ifa edib və videoçarx hazırlayaraq müsabiqəyə göndərib.

Respublika Gənclər Kitabxanası hər iki qalibi təbrik edərək bütün müsabiqə iştirakçılarına təşəkkürünü  bildirir.

Pandemiya şəraiti nəzərə alınaraq qaliblərin mükafatlandırılması barədə kitabxananın “İnstagram” və “Facebook” səhifələrində məlumat veriləcək.