Prezident İlham Əliyev noyabrın 24-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında”  sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik edəcəyi Əlaqələndirmə Qərargahının tərkibində Prezident Administrasiyasının müvafiq şöbələrinin müdirləri, Prezidentin və Birinci vitse-prezidentin köməkçiləri, nazirlər, digər dövlət qurumlarının rəhbərləri yer alıb. Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Əlaqələndirmə Qərargahının üzvüdür.

Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb.