Harvard İncəsənət Muzeyləri şəbəkəsi ilə əməkdaşlıq davam edir

Bir müddət əvvəl ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeyləri (Harvard Art Museums) şəbəkəsinin saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti nümunəsi kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə məlumat daxil olmuşdu.

Nazirlik tərəfindən bu məsələ diqqətə götürülüb və  müvafiq müraciətdən sonra həmin yanlışlıq aradan qaldırılıb. Artıq saytın sözügedən bölməsində Qarabağ xalça qrupuna aid “Talış xalçası”nın (eksponat nömrəsi: 1958.169) toxunulduğu məkan olaraq “Azərbaycan” qeyd edilib.

Məsələ ilə bağlı Harvard İncəsənət Muzeyləri şəbəkəsi ilə əlaqə saxlanılıb və muzeyin rəqəmsal kolleksiyalarında səhvən erməni mədəniyyəti nümunəsi kimi təqdim olunmuş 1860-cı illərə aid olan “Talış xalçası”nın toxunduğu məkan bölməsində müvafiq düzəliş olunduğu üçün qarşı tərəfə təşəkkür edilib.

Harvard İncəsənət Muzeylərində qorunan bu xalçanın Azərbaycanda toxunduğu, XIX əsr Azərbaycan mədəniyyəti nümunəsi olduğu və erməni mədəniyyəti ilə heç bir əlaqəsi olmadığı qarşı tərəfin bir daha diqqətinə çatdırılıb. Əlavə olaraq, həmin xalçanın mənşəyi barədə tarixi arayış elektron poçt vasitəsilə Harvard İncəsənət Muzeylərinə göndərilib.

Məlumat üçün qeyd edək ki, Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri, həndəsi motivlər təşkil edir. Harvard İncəsənət Muzeyinin kolleksiyasında qorunan həmin Qarabağ xalçası dünyada “Talış xalçası” kimi tanınır. Görkəmli alim, xalça ustası, Xalq rəssamı, üçcildlik “Azərbaycan xalçası” fundamental əsərin müəllifi Lətif Kərimovun təsnifatına görə bu xalça məhz Azərbaycan xalçalarının Qarabağ tipinə aiddir.

Eyni zamanda qarşı tərəfə bu ilin noyabrın 16-da “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10-cu ildönümü olduğu barədə məlumat verilib. Harvard İncəsənət Muzeylərində qorunan xalçaların atribusiyasının aparılması ilə bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduğumuz qarşı tərəfə bildirilib.

Dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi davam etdirilməkdədir. 2017-ci ildə Londonun “HALİ Publications Ltd.” nəşriyyatı tərəfindən çap olunan “Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” (“The Stars of Caucasus: Silk Embroideries from Azerbaijan”) kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşrdir.  “Azərbaycan inciləri dünya muzeylərində” kitabının nəşr olunması da bu istiqamətdə görülən ən mühüm işlərdən biridir.

Azərbaycan xalçaçılıq sənətinin inkişafı və beynəlxalq arenada tanıdılması, dünya muzeylərində qorunub saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq vətəninə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Fransanın Luvr Muzeyi, Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Britaniya Muzeyi və digər muzeylər ilə Mədəniyyət Nazirliyi və aparıcı muzeylərimizin əməkdaşlığı bu çərçivədə atılan mühüm addımlardandır.

Sözügedən xalça ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.harvardartmuseums.org/collections/object/214565?position=0