Mədəniyyət Nazirliyi bəyanat yayıb

Fransanın bir qrup mədəniyyət xadimi Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciət imzalayıb. Bu barədə Fransanın “Le Figaro” nəşrində məlumat yayılıb. Müraciət müəllifləri Azərbaycanın guya Qarabağda ermənilərin taleyi ilə bağlı məkrli planlarının olmasını iddia edirlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bununla əlaqədar bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlayıb.

Uzun illər davam etmiş işğal zamanı həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizmin qurbanına çevrilib. Mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətə nüfuzlu mədəniyyət xadimlərinin qoşulması,  onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.

Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Mədəniyyət Nazirliyi Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və işğaldan azad olunmuş ərazilərdəki dağıntıya, vandalizmə məruz qalan irsin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın mədəniyyət və elm xadimlərini ölkəmizə dəvət edir.