Bütün dünyada aylardır davam edən COVİD-19 pandemiyası ölkəmiz üçün böyük bir sınaqdır. Şükürlər olsun ki, dövlətimizin gücü, imkanları, pandemiyanın ilk günlərindən həyata keçirilən zəruri tədbirlərlə koronavirus infeksiyasının bir sıra ölkələrdə müşahidə etdiyimiz fəlakətli vəziyyətə çevrilməsinin qarşısı alındı.

Hələ infeksiyanın geniş yayılmadığı dövrdə Bakıda və digər şəhərlərdə koronaviruslu xəstələrin müalicəsi üçün xüsusi tibb korpuslarının, modul tipli xəstəxanaların açılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına ən yüksək səviyyədə diqqət və qayğısının təzahürü idi. Mövsümi amillər də nəzərə alınmaqla infeksiyaya yoluxma sayının xüsusilə artdığı bu günlərdə ölkəmizin səhiyyə sisteminin bu çətin sınağı dəf edə bilməsi, minlərlə insanın sağlamlığının xilas edilməsi üçün bu ixtisaslaşmış xəstəxanaların müstəsna rolu vardır. Hər cür zəruri şəraitin yaradıldığı, ən müasir avadanlıqların quraşdırıldığı bu xəstəxanalarda gecə-gündüz xəstələrin qeydinə qalan tibb işçilərimiz isə ən böyük alqışa layiqdirlər.

Bu şəfqətli insanları əbəs yerə ağ geyimli xilaskarlar adlandırmırlar. Koronavirus pandemiyası dövründə yüzlərlə, minlərlə belə həkimlərimiz, tibb bacıları  öz fədakarlığını bir daha isbatlayıb. Xüsusilə Vətən müharibəsinin davam etdiyi günlərdə peşəsinə sadiq tibb işçilərimiz iki cəbhədə – həm döyüş bölgələrində yaralanıb gələn igid oğullarımızın həyata qaytarılması, həm də koronavirusa yoluxmuş insanların bu gözəgörünməz düşmənin caynağından xilas edilməsi üçün böyük fədakarlıq nümayiş etdirirlər.

Belə fədakar həkimlərdən biri də Yeganə Abbasovadır. Yeganə xanım Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Bakı şəhəri Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasının şöbə müdiridir. Neçə-neçə xəstəyə şəfqət göstərən, peşəkarlığı, savadı nəcib keyfiyyətləri ilə tamamlanan, həyatsevərliyi ilə insana sabaha inamı, yaşamağa ümidi qaytaran həkim. Bu xəstəlikdən xilas olan onlarla, yüzlərlə insan kimi mən də ilk növbədə ona minnətdaram. Doktor Yeganə Abbasova ilə yanaşı xəstələrə diqqət və səmimiyyətini əsirgəməyən Hümbət doktor, Leyla doktor, tibb bacısı Mələk, tibb qardaş Sahil və xəstə baxıcılarına da dərin təşəkkürümü bildirirəm. 

Koronavirusla mübarizənin davam etdiyi bu günlərdə dövlətimizin səhiyyə sisteminə dərin minnətdarlıq hissləri qazandıran, şəfqəti və peşəkarlığı ilə çətin və nəcib bir missiyanı ləyaqətlə yerinə yetirən belə tibb işçilərimiz xəstə çarpayısından qalxıb həyata dönən insanların ən xoş arzularına layiqdirlər. Əllərinizin şəfası, qəlbinizin sevinci heç zaman azalmasın.

Elnarə SƏFƏROVA