Vətən müharibəsində qazandığımız böyük zəfər barədə maarifləndirici işlərin həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət planı hazırlanıb.

Nazirlikdən bildirilib ki, 9 əsas istiqaməti əhatə edən planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsinin, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əksini tapıb.

Fəaliyyət planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili əsas yer alır.

Həmçinin “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır.

Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilən dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur.

Xatırladaq ki, görüləcək işlər çərçivəsində noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib.