Azərbaycan
25 noyabr 1901 (yeni təqvimlə 8 dekabr) – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
25 noyabr 1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və digər teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki nəfər” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-1991) anadan olub.
25 noyabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Dairəni genişləndirin”, “Sən nə üçün yaşayırsan?” pyesləri və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.
25 noyabr 1935 – Əməkdar artist, ustad xanəndə Qaraxan İmran oğlu Behbudov (1935 – 17.11.2020) Ağdam rayonunun Əfətli kəndində anadan olub.
26 noyabr 1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927-2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.
26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
26 noyabr 1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872-1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.
27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik səhnəciklərin müəllifidir.
Dünya
25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio; 1562-1635) anadan olub.
25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889-1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.
26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909-1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940-1973) anadan olub.
27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942-1970) anadan olub.
Hazırladı: Vüqar ORXAN