Görkəmli ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru, professor Qulu Xəlilov. Azərbaycan elmi, mədəni ictimaiyyəti onu ədəbi prosesləri davamlı izləyən, cəsarətli çıxışları, qərəzsiz tənqidi ilə rəğbət qazanan qələm sahibi kimi xatırlayır. Mərhum alim və ədibi anadan olmasının 90 illiyi münasibətilə yada saldıq.
Qulu Qasım oğlu Xəlilov 20 noyabr 1930-cu ildə Qərbi Azərbaycanda – indiki Ermənistanın Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Poladlı kəndinə köçür. Ailənin güzəranı çətin idi. Qulu bir müddət kənddə çobanlıq edir, amma oxumaq həvəsi onu rahat buraxmırdı. Ağcabədidən Ağdama piyada gələrək orta məktəbdə təhsil alır. Sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsini fərqlənmə diplomu ilə başa vurur. Təyinatla Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət” qəzetinə göndərilir. Bir müddət sonra hərbi xidmətə çağırılır. Ancaq səhhəti imkan vermədiyi üçün əsgərliyə gedə bilmir. Qaraciyəri ilə bağlı xəstəliyi 1954-cü ilin payızında daha da şiddətlənir. Xeyli müddət müalicə alır, Bakıda və Moskvanın xəstəxanalarında dəfələrlə əməliyyat olunur...
Amma yazıb-yaratmağa da davam edir, Nizami adına Ədəbiyyat Muzeyində işə düzəlir. Aspiranturaya qəbul olunur. “S.Vurğunun “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, “Azərbaycan romanının inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir. Bir müddət Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Sonralar BDU-nun professoru olur.
Qulu Xəlilovun tənqidçi kimi ilk yazısı 1953-cü ildə dövri mətbuatda dərc olunur. O, qırx ildən artıq bu sahədə yorulmadan çalışır. Özünü ədəbiyyatın “qara fəhləsi” sayır, onun mənafeyini hər şeydən üstün tutur. Tənqidləri nə qədər sərt olsa da, prinsipial mövqeyi ilə yanaşı müəllif səmimiliyi aydın hiss edilib. Çünki o, sənətdə qeyri-peşəkarlığı bağışlaya bilmirdi. Tənqidçi kimi daha çox müasir ədəbiyyatla məşğul olsa da, klassik irs və onun tədqiqi ilə də maraqlanıb. “Azərbaycan romanının inkişaf tarixindən” adlı əsərində milli ədəbiyyatda nəsrin təşəkkül və inkişaf yolunu izləyib. Onun daha çox diqqət və qiymət verdiyi klassik şairlərimizdən biri Molla Pənah Vaqif olub. Realizmin başlanğıc mərhələsi sayılan Vaqif yaradıcılığı onu hər şeydən əvvəl, öz milli-mənəvi ruhuna və gücünə görə cəlb edib.
Qulu Xəlilov böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin yaradıcılığına da maraq göstərib. Onun haqqında “Böyük humanist” adlı sanballı məqalə yazıb. Görkəmli tənqidçinin ən çox sevdiyi klassik şairlərimizdən biri də Mirzə Ələkbər Sabir olub. Haqqında ayrıca tədqiqat işi də aparıb. “Sabir portret ustası kimi” adlanan araşdırması sabirşünaslığa böyük töhfə kimi qiymətləndirilir.
Alimin bədii yaradıcılığında insan amili, xalqın mənafeyi ana xətt kimi keçir. “Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə” və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Onun daha sonra “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Umusuq” və s. hekayələri də maraqla qarşılanıb.
Onu da qeyd edək ki, müəllifin “Yaşamaq istəyirəm” adlı avtobioqrafik povesti böyük bir nəslin tərbiyəsində mühüm rol oynayıb. “Yaşamaq istəyirəm” povestindən: “Bu dəftəri yazmaya bilməzdim. Yazmasaydım, elə hesab edin ki, bağrım çatlardı. Mənim cəmi 30 yaşım var. 24 yaşımdan xəstəxanalara düşmüşəm. Ürəyimin bir çox dərdlərini, arzularını, həyatımın bəzi lövhələrini bu dəftərdə görə bilərsiniz. Xəstəliklə mübarizə davam edir. Əgər mən bu mübarizədə həlak olsam, qoy mənim yerimə ölümə qarşı bu dəftər döyüşsün”.
Qulu Xəlilovun qəlbində daim vətən, millət sevgisi çağlayıb. O, yazılarında qələm əhlindən ana dilinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ədib bunu hər kəsin daxili aləmi və mənəviyyatı ilə bağlayırdı. Dilə olan münasibəti isə Vətən sevgisi ilə qoşa tuturdu. Tənqidçi-ədəbiyyatşünas 1964-cü ildə dilçilərə müraciətlə yazdığı “Açıq məktub”unda deyir: “Dil təkcə qrammatika qaydalarından ibarət deyil, burada geniş, rəngarəng söz ehtiyatı, nitqin ifadəliliyini artıran, müstəqil və məcazi mənalar, obrazlılıq, minlərlə qanadlı ifadə, atalar sözləri, məsəllər, hikmətlər, aforizmlər, ümumiyyətlə, frazeoloji birləşmələr, bədii nitqin ifadə vasitələri, klassiklərimizin ədəbi-bədii dili, elmi, şifahi danışıq, məişət, nitq üsulları – hamısı birlikdə dilin mənzərəsini əks etdirir. Madam ki belədir, onda bu dili də tam, bütöv şəkildə öyrənmək lazımdır. Dilin öyrədilməsində mühüm bir cəhət – ana dilinin tərbiyə vasitəsi olması unudulmamalıdır”.
Dilimizin, ədəbiyyatımızın böyük cəfakeşi kimi tanınan görkəmli alimin elm və mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. “Əməkdar elm xadimi” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb.
Qulu Xəlilov 1995-ci ildə, 65 yaşında Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn etmək qərara alınsa da, vəsiyyətinə uyğun olaraq atasının məzarı yanında – Xəzər rayonunun Şağan qəsəbəsində dəfn edilib.
Savalan FƏRƏCOV