Azərbaycan Turizm Bürosu 23-24 noyabr tarixində Dubayda keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib. Pandemiya səbəbindən virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan 1000-dən çox iştirakçı qatılıb.

30-dan çox onlayn görüş keçirən ATB əməkdaşları sərgi iştirakçılarına Azərbaycanın işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat veriblər.

Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini, ölkəmizin bu regionunu da görmək arzusunda olduqlarını bildirib, səfərlərin təşkili üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.

Noyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı onlayn sessiyasında da Qarabağın turizm potensialından bəhs olunub. Sessiyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev  işğaldan azad edilmiş ərazilərin yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacağını vurğulayıb. Azad edilmiş torpaqlarda həm daxili, həm də beynəlxalq turizm üçün geniş imkanlar olduğunu deyən F.Nağıyev bu ərazilərdə dayanıqlı turizmin inkişafı və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlığın faydalı olacağını bildirib.