Məlum olduğu kimi, ölkə Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli fərmanı ilə bu ərazilərdə müvəqqəti komendantlıqlar yaradılıb. Müvəqqəti komendantlıqlar üzrə aidiyyəti dövlət qurumlarının koordinasiya qrupları fəaliyyət göstərir.

Noyabrın 25-də fərmandan irəli gələn məsələlərin, o cümlədən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin icrasını təmin etmək məqsədilə müvəqqəti komendantlıqlar üzrə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı yaradılmış Koordinasiya qrupunun  videoformatda iclası keçirilib.

İclası giriş sözü ilə Koordinasiya qrupunun rəhbəri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə açaraq öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın böyük qələbəsi, ölkəmizin ərazilərinin işğaldan azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib, Vətən müharibəsində tarixi zəfərimizin nəticəsi kimi noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunduğunu deyib.

V.Eyvazzadə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında nazirliyi təmsil edən nümayəndələrin işi ilə bağlı məlumat verib, Koordinasiya qrupunun fəaliyyətinə dair müvafiq tapşırıqları diqqətə çatdırıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı monitorinqlərin daha səmərəli təşkili məqsədilə abidələr, muzey, kitabxana və digər istiqamətlər üzrə nazirliyin sahəvi ekspert qruplarının formalaşdırılmasının zəruriliyi qeyd edilib.

Koordinasiya qrupunun əlaqələndiricisi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Vüqar Məmmədov müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarına daxil olan nazirliyin abidələr və müəssisələr üzrə nümayəndələri tərəfindən keçirilən monitorinqlərin bu günə olan nəticələri barədə məlumat verib. Bildirilib ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə və tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə baxış keçirilib.

V.Məmmədov koordinasiya qrupunun fəaliyyətindən irəli gələn məsələlərlə bağlı bir sıra məqamları nəzərə çatdırıb. İclasda qeyd olunan məsələlərə dair müzakirələr aparılıb.