Milli Məclisin noyabrın 26-da keçirilən iclasında Fransa Senatının Dağlıq Qarabağdakı qondarma qurumun tanınmasına dair qətnaməsi ilə bağlı etiraz bəyanatı qəbul edilib.

Bəyanatda vurğulanır ki, Fransa Senatının 2020-ci il 25 noyabr tarixli qətnaməsi Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə qəbul edilib. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub. Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir.

Milli Məclis Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün.