Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən tam boşaldılıb və Azərbaycan qoşunları əraziyə daxil olub. Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Prezidentin xalqa müraciətindən sonra paytaxtda yaşayan Kəlbəcər sakinləri “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlarla Şəhidlər xiyabanına üz tutublar.

Kəlbəcər sakini Etibar Seyidağa bu günü belə ifadə edib: “Bu gün bizim üçün yenidən dünyaya gəldiyimiz gün sayılır. Kəlbəcərin azad olunması həyatımızın ən müqəddəs günüdür. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edirəm. Vətən müharibəsində şəhid olmuş Azərbaycan övladlarının qarşısında baş əyirəm. Onlar bizim bu sevinci yaşamağımız üçün canlarını fəda etdilər. Ruhları şad olsun”.

Əjdər İlyasov bildirib ki, 27 ildir doğma yurddan didərgin düşsə də, Kəlbəcəri heç vaxt unutmuyub: “Çox şükür, vətən həsrətimizə son qoyuldu. Artıq məcburi köçkün deyilik. Bu şanlı Qələbə münasibətilə mən Azərbaycan xalqını təbrik edirəm. Kəlbəcər bizimdir! Kəlbəcər Azərbaycandır!”

Qələbə xəbərini eşidən azyaşlı kəlbəcərlilər də əllərində üçrəngli bayrağımızla Şəhidlər xiyabanını ziyarət ediblər.

***

Kəlbəcərin azad olunması xəbəri Gəncə şəhərində də böyük sevinclə qarşılanıb. Doğma rayonlarının 27 ildən sonra işğaldan qurtulmasına sevinən kəlbəcərlilər Gəncə şəhərində salınmış yeni qəsəbənin mərkəzinə toplaşıblar. Əllərində Azərbaycan bayrağı tutan kəlbəcərlilər bir-birini təbrik edərək, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər.

Xanəndə, Əməkdar artist Babək Niftəliyev: “Kəlbəcərin işğaldan azad olunması hər birimizin qələbəsidir. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarıq. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Yaralı əsgərlərimizin isə tezliklə sağlıqlarına qovuşmalarını arzulayıram”.

Hikmət Bağırov: “Bir kəlbəcərli gənc olaraq çox qürurluyam. Çünki illərlə həsrətini çəkdiyim ata-baba yurdum olan Kəlbəcər işğaldan azad olunub. Tezliklə Kəlbəcərə qayıdacağıma görə bütün kəlbəcərlilər kimi mən də çox sevincliyəm və özümü xoşbəxt hesab edirəm. Çox yaxın zamanda biz öz doğma yurdumuzda yaşayacağıq və Kəlbəcəri tikib-quracağıq”.

Kəlbəcər sakini Gözəl Nəcəfova: “Kəlbəcəri tərk edəndə 53 yaşım vardı. 27 il yurd həsrəti ilə yaşamışam. Zirvəsi qarlı, yamacı güllü-çiçəkli yaylaqlarım üçün çox darıxmışam. 80 yaşım olsa da, dağ döşünə qalxmaq, bulaqların suyundan içmək istəyirəm. Kəlbəcərimizdə bitən otların, çiçəklərin ətrini qoxulamaq istəyirəm. Bu gün mənim ən xoşbəxt günümdür. Bu xoş günləri bizə yaşadan Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm”.

N.MƏMMƏDLİ