Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

O qeyd edib ki, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən təqdim edilən və noyabrın 25-də qəbul olunan qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Qeyd olunur ki, senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür: “Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir”.

“Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz.

Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir”, – deyə Hikmət Hacıyev bildirib.