Laçın, səni kim yıxdı?
Pis gözüynən kim baxdı?
Kimlər sənə od vurdu?
Tamaşana kim çıxdı?

Bu bayatını bir neçə il öncə Laçın rayonunun işğalı ilə bağlı keçirilən anım tədbirlərinin birində Səlbi adlı bir nurani dağlar gözəli, hələ də yanağında o yerlərin laləsinin allığını saxlamış nənə demiş, hönkür-hönkür ağlamışdı. O gündən sonra bir də elə anım tədbirlərinə, ildönümü, işğal təqvimi yadasalma mərasimlərinə getmədim. İstəmədim içindən yıxılan, əzilən, balacalaşan adamların üz-gözündəki ifadəni görüm, o ağrıda özümdən küsüm.

Bu günlərdə Ali Baş Komandanın xalqa müjdəsi – Laçının da azadlığa qovuşacağı ilə bağlı tarixi çıxışından sonra yadıma yenidən Səlbi nənə düşdü. Ani olaraq öz-özümə “İlahi, kaş Səlbi nənə indi sağ olsun, bu günü görsün, gözü gülsün, baxışları yenə uzağa – Laçına dikilsin. Amma bu dəfə daha xoşbəxt və əmin” dedim...

Qəhrəman, dağ vüqarlı oğul və qızların oylağı, daim düşmənə sinə yanğısı, göz dağı idi laçın yuvası Laçın. Ona görə də elə ən çox o elləri dağıdıb, o yurd-yuvaları talayıb mənfur düşmən. Kəndləri, qəsəbələri, məscidləri, körpüləri, bir sözlə, xalqın qədim zamanlardan dəyərli bilib qoruduğu hər nəsnəni silib-süpürüb, paxırlanmış ürəklərinə su kimi səpiblər. Dönməyəcəyimiz, gəlib haqq-hesab çəkməyəcəyimizin arxayınlığında talayıblar laçınlar oylağını.

Amma artıq zaman yetişib və biz yenidən ora – sıldırım qayaların arxasındakı yurd-yuvamıza qayıdırıq. Yenidən ənginliklərdə qanad çırpan qartalları izləmək, dağ şəlalələrində çağlamaq üçün...

 

Dağlar arxasında

 

Azərbaycanın cənub-qərbində Kiçik Qafqaz dağ silsiləsində yerləşən, şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı ilə əhatələnən,  qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu 18 may 1992-ci ildə işğala məruz qalmışdı.

Bu qədim yurd yerimiz tarixi-mədəni irsi ilə də seçilirdi. Rayon ərazisində qədim memarlıq abidələri – alban məbədi (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1718-ci il), saray (1716-cı il), körpü (XVIII əsr) və daha neçə-neçə irs nümunəmiz var idi. Laçın ərazisində ümumilikdə 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeoloji abidə, daşdan at, qoç fiqurları mövcud olub. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.  28 ildən çox sürən işğal zamanı rayon ərazisindəki əksər tarixi-mədəni və dini abidələr dağıdılıb.

 

Ağoğlan məbədi

 

V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Ağoğlan çayının sahilində yerləşirdi. Əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.

Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapıb. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olub və bu məkanda qəsr tikdirmək qərarına gəlib. Ətrafında yerli əhali arasında tikinti işini bacaran könüllülərdən dəstə toplayıb işə başlayıb. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağoğlan” adlandırıbmış.

Qəsr vaxtilə “Qaranquş qəsri” adı ilə də bilinirmiş. Bununla bağlı da rəvayət var. Günlərin birində günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır.

Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə “Qaranquş qəsri” adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulur və məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə “Ağoğlan” kimi tanınır.

Məbəd kifayət qədər böyük ölçülərə malikdir. Plan baxımından üç nefli olan düzbucaqlı bazilikadan ibarətdir. İbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülüb. Bazilika möhkəm yerli daş olan bazaltdan inşa edilib. “Ağoğlan” məbədinin daxili divarları yonulmuş iri, qara daşlarla üzlənib. Vaxtilə divarlarda tematik çoxrəngli rəsmlər çəkilmişdi. Onların çox hissəsi zamanla silinsə də, şimal divarında qismən freska rəsmli fraqmentlər qalmışdı.

1992-ci ildə ermənilər ərazini işğal etdikdən sonra “Ağoğlan” məbədini özününküləşdirmək məqsədilə təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silib, formalarını dəyişdirib, məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən yazı lövhələrini müxtəlif yerlərə bərkidiblər. Kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaç daşlar da basdırıblar.

2007-ci ildə Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları abidəyə qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha əyani şəkildə göstərdilər. İşğaldan sonra ermənilər bu məbədin adını da dəyişdirərək “Cicernavank” qoymuşdular.

 

Cicimli türbələri

 

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalırdı. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formada idi.

Türbənin düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşirdi. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdü. Onun haşiyəsi içərisində daşdan yonulmuş atlı fiqurun izləri müşahidə olunurdu. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII-XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında – Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi isə içəridən xaçvarı, bayır tərəfdən isə kvadratşəkilli idi ki, bu abidənin də XVII əsrdə inşa edildiyi ehtimal olunurdu. Onu da qeyd edək ki, hər iki abidə erməni işğalı zamanı dağıntılara məruz qalıb.

 

Həmzə Soltan sarayı

 

Rayonun Hüsülü kəndində yerləşən sarayın 1761-ci ildə tikildiyi ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. İkimərtəbəli saray geniş və böyük zala, xeyli sayda yardımçı otaqlara və divanxanaya malik idi. Tikilinin qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanmış, binanın tikintisində Şərq memarlıq ənənələrindən geniş istifadə edilmişdi. Ehtimala görə, burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib.

İşğalçılar Həmzə Soltan sarayını da təmir edərək hotel kimi istifadə edirmişlər.

 

Tarix-Diyarşünaslıq Muzeyi

 

Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərib. Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan  muzeylərdən biri idi.

Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olub. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb, düşmən tərəfindən yerlə yeksan edilib.

 

Sarı Aşığın xatirə muzeyi

 

1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanmış və qarşısında  abidəsi ucaldılmışdı. Erməni hərbi qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində bu muzey də 200-ə yaxın eksponatı ilə talan olunub.

Hazırladı: Həmidə NİZAMİQIZI