Şanlı Ordumuzun Vətən müharibəsində zəfərindən sonra döyüş meydanında darmadağın olan düşmən noyabrın 20-də daha bir yurd yerimizi – Ağdamı tərk etməli oldu. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Ağdamı bir güllə atmadan azad etdik.

27 ildir doğma yurdlarından didərgin düşmüş Ağdam sakinləri bu müjdəni böyük sevinc hissi ilə qarşıladılar. Onlardan biri də Ağdam rayonunun Şelli kəndindən olan Sehriman Hüseynovdur: “Bu xəbəri çox uzun zamandır gözləyirdik. 1993-cü ildə Ağdam işğal olunanda hər birimizin ürəyinə bir xal düşdü. Çünki Birinci Qarabağ müharibəsində təkcə Ağdamdan 6 minə yaxın şəhidimiz oldu. Çox şükür ki, Vətən müharibəsində Ağdamı bir şəhid belə vermədən azad etdik. Bu təbii ki, Prezidentimizin düzgün, uzaqgörən strategiyası nəticəsində gerçəkləşdi. Bizlərə bu sevinci yaşatdığına görə Ali Baş Komandana və şanlı Ordumuza minnətdarıq”.

Müsahibim gözləri dolaraq Ağdamda qalan xatirələrindən bəhs edir: “Atam və iki azyaşlı övladım orada vəfat edib. İndi tək bir arzum var. Ağdama qayıdaraq doğma kəndimizdə nəvələrimin toy şənliyini etmək istəyirəm”.

Həmsöhbətim bildirir ki, həyatının ən unudulmaz günləri Şelli kəndində keçib: “İşğaldan sonra Bərdəyə gəldik. İki ilə yaxın orada qaldıq. Hazırda Abşeron rayonunda məskunlaşmışam. Burada qaldığım illər ərzində insanlarla doğmalaşmışam. Ancaq nə qədər buraya uyğunlaşsam da, doğma yurdumu unutmaq qeyri-mümkündür. Həyatımın ən anlamlı günləri orada keçib. İndi Ağdamın görüntülərini gördükdə, ermənilərə adam bilmir nə ad versin. Onlar necə canlıdır ki, hər yeri viran qoyub, xarabalığa çeviriblər. Bu həm də onların acizliyinin bir göstəricisidir. Əminəm ki, dövlət başçısı tezliklə Ağdamı yenidən bərpa edəcək və biz doğma yurdumuza qayıdacağıq. Həyatımda elə bir gözəl günü yaşayıram ki, bunu sözlərimlə ifadə edə bilmirəm. Ağdama qayıtmağı səbirsizliklə gözləyirik”.

***

Kəlbəcərdə çəkilən və rayonun işğal günündə televiziya kanallarında tez-tez nümayiş olunan bir süjet var. Qışın soyuq sazağın qılınc kimi kəsdiyi, həmin süjetə baxarkən yurd-yuvasından didərgin düşən soydaşlarımızın necə bəlalar çəkdiyini görürük. Süjetə diqqətlə baxdıqda görmək olur ki, camaat Kəlbəcərə göndərilən sonuncu vertolyota minir.

Kəlbəcərdən çıxan sonuncu vertolyotu yola salanlardan biri də Əfqan Kamalovdur. O, aprelin 1-də anasını vertolyota mindirib, özü isə qarlı dağlar, buz bağlamış yollarla Murova doğru istiqamət götürüb. Murov dağının ətəyindəki dar dağ yolları ilə Toğana kəndinə, oradan isə Göygöl rayonuna gedib.

Əfqan Kamalov həmin günləri belə xatırlayır: “1975-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olmuşam. Bizim ailə Kəlbəcəri ən son tərk edənlərdəndir. Kənddən çıxanda 18 yaşım vardı. İndi də o günləri xatırlayarkən ürəyim sızıldayır. Aprelin 1-də anamı vertolyota mindirib yola saldım. Özüm isə Göygöl rayonuna çatana qədər günlərlə yol qət etdim. Atam isə bizdən sonra kəndi tərk etdi. 20 günə yaxın ondan xəbər almadıq. Sonra sağ olduğunu öyrəndik. Əmim Bahadur Kamalov isə itkin düşdü. Bu günədək ondan xəbər yoxdur.

Uşaqlığımın unudulmaz günləri orada keçib. Kəndimizdə ən xoş xatirələrim olub. Bildiyiniz kimi, Kəlbəcər Azərbaycanın ən böyük rayonlarından biridir. Rayonumuz tarixi abidələrlə, faydalı qazıntılarla, mineral bulaqlarla zəngindir. Zar kəndi ilə İstisu arasında 4 km məsafə vardı. Hər yay dostlarımla oraya gedərdim. İstisuyun hər yerində bir xatirəm qalıb”.

İki oğul atası olduğunu söyləyən müsahibim sevinir ki, onun uşaqlıqda gördüyü yerləri indi övladları da görə biləcək: “Böyük oğlum Naxçıvanda hərbi xidmətdədir. Allah onu və bütün əsgərlərimizi qorusun. Çox sevinirəm ki, mənim illərdir çəkdiyim yurd həsrətini onlar çəkməyəcək. Buna görə Ali Baş Komandana və qüdrətli Ordumuza təşəkkür edirəm”.

Nurəddin MƏMMƏDLİ