ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini və dövlət strukturlarını ermənilərin ekoloji terroru və işğal edilmiş ərazilərin minalanması haqqında məlumatlandırma kampaniyası keçirir.

ABŞ Konqresinə, Prezidentə və yerli mediaya göndərilmiş müraciətdə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs haqqında bəyanat imzalandığı və bununla Azərbaycanın Qarabağ regionunda 44 günlük müharibəyə son qoyulduğu bildirilir. Qeyd olunur ki, bəyanata əsasən, erməni qoşunları dekabrın 1-nə qədər Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarılmalıdır.

Diqqətə çatdırılır ki, son günlərdə dünya KİV-lərində yayılan kadrlar erməni silahlı dəstələri tərəfindən həyata keçirilən “yandırılmış torpaq” siyasətini əks etdirir. Ermənilər bütün evləri yandırıb, elektrik xətlərini söküb, minlərlə ağacı qırıb, bütün ev heyvanlarını tələf edib, bir sözlə, ekoloji terror törədiblər.

Müraciətdə daha sonra deyilir ki, 1992-1993-cü illərdə erməni qoşunları tərəfindən işğal edilmiş Laçın, Kəlbəcər və Ağdam rayonları Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləridir. Ermənistan etnik təmizləmə həyata keçirdiyi bu rayonlarda məskunlaşdırma aparmaqla işğalçı dövlət tərəfindən demoqrafik vəziyyətin öz xeyrinə süni surətdə dəyişdirilməsini qadağan edən 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsini pozub.

ABŞ Azərbaycanlılar Şəbəkəsinin müraciətində o da vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə işğalçı erməni qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxması tələb edilirdi. Lakin 27 il BMT bu istiqamətdə heç bir fəaliyyət göstərmədi, Ermənistan bu sənədlərə etinasız qaldı. Nəhayət, Azərbaycan özü bu qətnamələrin icrasını təmin etdi.