Azərbaycan Dövlət Akademik Musiqili Teatrının internet üzərindən tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn "Laçına ithaf" kompozisiyası sosial şəbəkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ifaçısı İmamyar Həsənovun (ANNA RF qrupu ilə) çalğısında "Ay Laçın" xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının "Laçın" şeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan sənət işinin rejissoru Samir Qulamov, operatoru Hikmət Şahverdizadə, rəssamı Vüsal Rəhimdir.

Teatrın istedadlı aktyorları, vokal ifaçıları – Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləri – İranə Kərimova və Məhəmməd Abdullayevin təsirli perfomansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd olunur: "Yolumuz Laçınadır!"

Kompozisiyanı aşağıdakı linkdə izləmək olar:

https://youtu.be/Twb0JYjIHcM