Azərbaycan komandası “Müharibəyə yox” adlı mahnını ifa edib

“Var səsi ilə” (“Vo ves golos”) beynəlxalq musiqi müsabiqəsinin dördüncü mövsümünün ilk buraxılışı yayımlanıb. Koronavirus pandemiyası səbəbindən müsabiqənin bu mövsümü yeni formatda keçirilir. Hər bir iştirakçı ölkə öz şəhərindən çıxış edir. Onların çıxışları “MİR” telekanalında telekörpü vasitəsi ilə onlayn formatda yayımlanır.

Müsabiqədə Azərbaycanı Emil Qədirovun məşqçisi olduğu komanda təmsil edir. “Var səsi ilə” müsabiqəsinin ilk buraxılışında Emil Qədirov özünün Moskvada, tələbələrinin isə Bakıda olduğunu, lakin buna baxmayaraq gənclərin öz ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Azərbaycan komandası Emil Qədirovun yazdığı “Müharibəyə yox” adlı mahnını ifa edib.

Müsabiqədə Azərbaycanı təmsil edən komanda gənc ifaçılar – Atilla Qərib, Zaminə Nurullayeva, Emilya Hacıyeva, Lalə Qafarova və Nazim Məmmədovdan ibarətdir. N.Məmmədov, L.Qafarova və Z.Nurullayeva Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin uşaq estrada sənəti sinfinin şagirdləridir. Komandanın rəhbəri Fidan Mir-Qədirovadır.

Qeyd edək ki, “Var səsi ilə” (“Во вес голос”) beynəlxalq musiqi müsabiqəsinin əsas təşkilatçısı “Uşaqlar uşaqlara kömək edir” Regional Uşaqlara Dəstək İctimai Xeyriyyə Fondu (Rusiya), yayımçısı “Mir” telekanalıdır.