Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç bir hərbi obyektin olmadığı mülki zonaya atılmışdı. Gəncə şəhərinin mərkəzində yaşayış massivi də gecə vaxtı uzaqmənzilli “SCUD” raketi ilə hədəfə alınmışdı. Bütün bunlar müharibənin dəhşətli anlarından idi. Gördüyümüz səhnələr dəhşətli idi.

Bu barədə müharibə zamanı Azərbaycanda olmuş “Paris Match” jurnalının müxbiri Reji Lö Somye “Franceinfo” telekanalına müsahibəsində bildirib.

Fransız jurnalist qeyd edib ki, əslində, Dağlıq Qarabağda ermənilərin yaşadığı yer kiçik bir məkandır. Ancaq Azərbaycanda gördüyümüz müharibə dağıntıları daha dəhşətli idi. Cənub istiqamətində işğaldan azad edilən 4 rayonda Birinci Qarabağ müharibəsinin izləri hələ də qalmaqda idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlərlə ev dağıdılıb. Həmin rayonlarda 1993-cü ildən bəri yaşayış yoxdur. Müsahibəsində Reji Lö Somye Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Çıxışı zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin raket atəşinə tutulmasına qayıdaraq bunun dəhşətli olduğunu vurğulayıb.