Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İkinci Şıxlı kənd 1 və 2 saylı kitabxana filiallarının və mədəniyyət müəssisələrinin əməkdaşları “Qarabağ Azərbaycandır” adlı videokonfrans keçirib. Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbədən söhbət açıblar.
***
Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Hacıqabul rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Məzarlar üzərinə çiçəklər qoyulub, şəhidlə ruhuna dualar oxunub.
Şirvan şəhər, Şabran, Tovuz və Ağdam rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Biz qələbə qazandıq!” mövzusunda videokonfrans keçirilib. Tədbirdə şəhid general Polad Həşimovun anası Səmayə xanım, bacısı Kəmalə Həşimova iştirak ediblər.
Görüşü Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev açaraq əvvəlcə sözü şəhid general Polad Həşimovun əzizlərinə verib.
Polad Həşimovun anası Səmayə xanım bildirib ki, biz Vətən müharibəsində qələbəni şəhidlərimizin canı-qanı bahasına, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti sayəsində qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin.
Şəhidin bacısı Kəmalə Həşimova tədbir iştirakçılarını möhtəşəm qələbə münasibətilə təbrik edib. Bildirib ki, bizi qələbəyə aparan əsas amil güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olub.
Daha sonra çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.
***
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib.
Mərkəzin direktoru Könül Rəhimova Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız zəfər münasibətilə videokonfrans iştirakçılarına təbriklərini çatdırıb. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan dövlətinin qarşısında duran başlıca məsələ işğala son qoymaq, ərazi bütövlüyümüzün bərpa olunması idi və bu tarixi zəfərlə məqsədimizə nail olduq.
***
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mərkəzi kitabxanasında “Qarabağ Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində şanlı Ordumuzun qazandığı qələbədən danışıblar.
Samux rayon Heydər Əliyev Mərkəzi Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələrlə birlikdə “Azərbaycanın zəfər tarixi” adlı videokonfrans təşkil edib. Videokonfransda çıxış edən regional idarənin rəisi Sənan Hacıyev iştirakçıları salamlayaraq xalqımızı, həmçinin mədəniyyət işçilərini Vətən müharibəsində qələbə münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, bu zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərimizə bir ömür borcluyuq.
Samux rayon Mədəniyyət Mərkəzinin Yenikənd klubu Füzuli kənd Mədəniyyət evi ilə birlikdə “Əzəli yurdum” adlı onlayn tədbir keçirib. Çıxış edənlər əzəli və ədəbi torpaqlarımızın erməni işğalından azad olunması ilə bağlı ürək sözlərini bölüşüblər.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tərtər rayon Heydər Əliyev Mərkəzində şanlı Ordumuzun Vətən müharibəsində zəfər qazanması münasibətilə “Əsgərə təşəkkür!” məktub aksiyası keçirilib. Azərbaycan xalqının hər bir vətəndaşı kimi, Tərtər rayon sakinləri də qələbə sevincini bizlərə yaşadan igid əsgərlərimizə öz ürək sözlərini və arzularını məktub vasitəsilə bildiriblər.
Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin müəllimləri məktəbin məzunu – Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıblar.
***
Lənkəran Regional Mədəniyyət İdarəsi Astara Dövlət Rəsm Qalereyası nəzdində fəaliyyət göstərən dərnək üzvləri beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər. Yeniyetmə həvəskar rəssam Mənsur Sədiyevin əl işləri Belarusda “Planetin uşaqları dostluq edirlər” devizi ilə keçirilən VII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində diploma layiq görülüb. Dərnək üzvü olan 9 nəfər həvəskar rəssamın əl işləri isə Yaponiyada keçirilən XXI Kanagava Dünya Uşaq Sənət Sərgisinə göndərilib.
Astara Dövlət Rəsm Qalereyası, həmçinin Çexiya Respublikasında keçiriləcək 49-cu Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində iştirak etmək üçün dəvət alıb.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi “Vətənpərvərliyin şəhidlik zirvəsi” adlı videokonfrans keçirib. MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi zəfər yürüşündən söz açıb. Vurğulayıb ki, Azərbaycan işğal altında olan torpaqlarını döyüş meydanında qələbəsi sayəsində azad edib.
Xəbər verdiyimiz kimi, “QHT-lərə Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin birgə qrant müsabiqəsi üzrə qalıb olmuş “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi tərəfindən “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsi həyata keçirilir.
Layihə Xaçmaz Regional Mədəniyyət İdarəsi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı ilə reallaşır. Layihə çərçivəsində BMA-nın müəllimləri – Xalq artistləri Zümrüd Məmmədova, Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ixtisas fənlər üzrə müəllim və şagirdlərinə onlayn ustad dərsləri keçiblər.
NURƏDDİN