Beynəlxalq Muğam Mərkəzi (BMM) “Aşıq musiqisinin inciləri” layihəsini davam etdirir. Layihənin növbəti təqdimatı kəlbəcərli aşıq Allahverdi Qəmkeşə həsr olunub.
Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcər rayonunun Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. O, oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiyadan da gəlir.
1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Allahverdi Qəmkeş də cənnət yurd-yuvasından didərgin düşür. 2002-ci ildə doğma yurd həsrəti ilə dünyasını dəyişir. 2008-ci ildə aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə “Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə” kitabı nəşr olunub.