XX əsr Azərbaycan memarlığında iz qoyan, paytaxtın, eləcə də Gəncə, Sumqayıt kimi şəhərlərin simasını gözəlləşdirən tikililərin müəlliflərindən biri də Əməkdar inşaatçı  Nəsrulla Kəngərli olub. II Dünya müharibəsinin iştirakçısı olan memar maraqlı yaradıcılıq yolu keçib.

Nəsrulla Yaqub oğlu Kəngərli 25 noyabr 1913-cü ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Babası İsmayıl ağa rus süvari alayının poruçiki olub. Atası Yaqub Paşa 4 illik ibtidai məktəb təhsili alıb. Ərəb, türk, rus və fars dillərini bilib, geniş mütaliəyə malik, savadlı, ziyalı kimi tanınıb. İran və Osmanlı (Türkiyə) ziyalıları ilə əlaqələri olub. Evində zəngin kitabxanası varmış. “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda rus şərqşünası Konstantin Smirnova faktların, xüsusilə də yer-yurd adlarının dəqiqləşdirilməsində yaxından köməklik göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarlarından olub. Naxçıvanda 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında fərqlənib. Yaqub Paşa sovet quruculuğunda da yaxından iştirak etsə də, İran, Türkiyə ilə əlaqə saxlamaqda təqsirli bilinir və həbs olunur. 1939-cu ildə güllələnir.

Belə ziyalı ailə mühitində boya-başa çatan Nəsrulla Kəngərli orta məktəbi bitirdikdən sonra sənədlərini  Naxçıvan Pedaqoji Texnikumuna verir. Təhsilini 1929-cu ildə başa vurur və bir müddət muxtar respublikanın müxtəlif məktəblərində pedaqoji fəaliyyət göstərir.

1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olur. Bir il sonra təhsilini Bakı Sənaye İnstitutunun Memarlıq-inşaat fakültəsində davam etdirir. Nəsrulla Kəngərlinin də gənclik dövrü çətin və məşəqqətli illərə təsadüf edir. Gənc memar 1941-ci ildə cəbhəyə gedir. 416-cı Azərbaycan diviziyasının sıralarında Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçir. Müharibə başa çatdıqdan sonra vətənə dönür. “Azərdövlətmemarlayihə” İnstitutunda işə düzəlir. Daha sonra 46 il “Bakışəhərbaşlayihə”, “Azərdövlətlayihə” institutlarında çalışır. Ömrünü sevimli sənətinə həsr edir. Bu dövrün məşhur memarları olan Mikayıl Hüseynov, Ənvər Qasımzadə, Davud Axundov və başqaları ilə bir sırada peşəkarlığı, çalışqanlığı ilə seçilir. Bakıda yaşayış evlərinin, ictimai və inzibati binaların layihələrinin müəllifi olur.

Paytaxtın Nizami küçəsində, İnşaatçılar prospektində, N.Nərimanovun heykəli ətrafındakı yaşayış binaları klassik və müasir memarlığın sintezi nümunələri kimi diqqət çəkir. Onun layihələri əsasında Neftçilər, Azadlıq prospektlərində və şəhərin digər yerlərində tikilmiş məktəb binaları da milli memarlıq elementlərinin zənginliyi, yaraşıqlığı və möhtəşəmliyi ilə göz oxşayır. Mərkəzi univermaq, Tibb Universitetinin korpusu və idman kompleksi, Gəncə şəhərində dəmiryol vağzalı, Xankəndidə inzibati bina layihələrinin  müəllifi olan Nəsrulla Kəngərli Sumqayıt şəhərinin baş planını da layihələndirib. Bu işə görə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb. Araşdırmalarda o da qeyd olunur ki, 1968-1985-ci illər arasında şəhərin baş planı, yaşayış məhəllələrinin, ictimai və digər təyinatlı binaların layihələri “Azərdövlətlayihə” İnstitutunda onun başçılıq etdiyi emalatxanada işlənərək hazırlanıb.

Görkəmli memar yaradıcılığının coşqun çağlarında – 1951-ci ildən etibarən respublikanın orta ixtisas və ali məktəblərində pedaqoji fəaliyyət də göstərib. 1968-1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti), sonralar isə İnşaat Mühəndisləri İnstitutunda (indiki Memarlıq və İnşaat Universiteti) Memarlıq konstruksiyaları kafedrasının dosenti olub.

Dövlət tərəfindən əməyi yüksək qiymətləndirilən Nəsrulla Kəngərli “Qırmızı ulduz“ ordeni, digər orden və medallarla təltif edilib. “Əməkdar inşaatçı” fəxri adına layiq görülüb. 25 fevral 1991-ci ildə vəfat edib.

S.FƏRƏCOV