Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilib.
Muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov bildirib ki, aksiyanın məqsədi tarixi irsimizin öyrənilməsi, qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.
Aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda olan tarixi və bədii əhəmiyyətə malik 463 eksponat müəllim və şagirdlər tərəfindən toplanaraq bir araya gətirilib. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir. Təhsil naziri aksiyanın davam etdiriləcəyini bildirib.
Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxışında diqqətə çatdırıb ki, muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi mədəniyyət nümunəsi mühafizə olunur. Bu müddət ərzində muzeylər tərəfindən onlayn ekskursiyalar təşkil edilib, sosial şəbəkələrdə milli mədəniyyətimizi, tariximizi təbliğ edən videomateriallar nümayiş olunub. 2020-ci ilin yanvar ayından bu günə kimi muzeylərdə sosial şəbəkələr vasitəsilə 911 onlayn ekskursiya keçirilib.
“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında fəal iştirak edənlər “Ən fəal təhsil şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim”, “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Sonda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Eksponatlar Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın Mədəniyyət Nazirliyinə hədiyyə edilib.