Vətən müharibəsində zəfər qazanan rəşadətli Azərbaycan Ordusunun sıralarında mərdliklə döyüşərək şəhadət zirvəsinə ucalan qəhrəmanlardan biri də Cəbrayıl rayonunun Qumlaq kənd sakini şəhid Əyyub Süleymanovdur.
Əyyub hələ yeniyetmə yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb. Çünki onun əsas amalı heç vaxt görmədiyi ata-baba yurdu Cəbrayıla qovuşmaq idi. Vətənə xidmətini yerinə yetirməyə də bu arzu ilə yola düşmüşdü...
Şəhidin atası Rasim Süleymanov doğma yurdunun azad edilməsində payı olan şəhid oğlundan fəxrlə danışır: “Əyyub hələ kiçik yaşlarından Cəbrayılı, kəndimiz Qumlağı soruşurdu. Deyirdi ki, ata, böyüyüb hərbçi olacağam, torpaqlarımızı yağı düşməndən azad edəcəyəm. Hərbi xidmətə yollanarkən deyirdi ki, xidməti başa vurandan sonra ordu sıralarında qalacağam. Döyüşlərdə olarkən imkan tapanda bizimlə əlaqə saxlayırdı. Cəbrayıl azad olunan gün zəng etdi və dedi ki, ata, mən sənə doğma yurdundan zəng edirəm və bütün torpaqlarımızı azad edəcəyik. Onun döyüş yolu Zəngilan, Qubadlı istiqamətində davam etdi. Laçın döyüşlərində isə şəhidlik zirvəsinə ucaldı”.
Şəhidin bacısı Gülnurə Qarazadə hər zaman fəxr etdiyi qardaşı barədə indi daha böyük iftixar və qürurla söz açır: “Qardaşım xalqına, dövlətinə, bayrağına sadiq övlad idi. Yeganə arzusu hərbçi olmaq idi. Bu sevgisi xidmət etdiyi hərbi hissədə də özünü büruzə verirdi. Elə ona görə də döyüş bayrağının mühafizəsi Əyyuba həvalə edilirdi. Döyüşlər başlayanda zəng etdi, torpaqlarımızı azad etməyə yollandığını sevinc hissi ilə bizə bildirdi. Oktyabrın 6-da zəng edərək ata-baba yurdumuz Cəbrayılda olduğunu, bizimlə də oradan danışdığını dedi. O özünü şəhid olmağa hazırlamışdı. Deyirdi ki, son damla qanıma qədər Vətənimi müdafiə edəcəyəm, şəhid olsam ağlamayın”.
Şəhidin anası Şüşən Əsədova oğlu ilə fəxr etdiyini deyir: “Torpaqlarımızın azad olunmasında mən də iştirak edəcəyim fikri heç vaxt onun dilindən düşməzdi. Çünki bu, onun ən böyük arzusu idi və arzusuna çatdı. Mən fəxr edirəm ki, oğlum Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.