Zirvə təbiətin coğrafi yüksəkliyi, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Doğulduğu Lənkərandan uzaqda “Öncə Vətəndir!” deyib canından keçən 31 yaşlı baş leytenant lənkəranlı Vüsal Kazımovun da taleyinə şəhidlik zirvəsi yazıldı...

Vüsalın ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi idi. Bu ilin iyul ayında Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılmışdı. Müharibə başlayan kimi cəbhəyə yola düşdü. Ailəsi ilə tez–tez əlaqə saxlayırdı. Elə danışardı ki, sanki ömrünü hərb sənətinə həsr edib. Ordumuzun qüdrətindən qürurla söhbət açırdı.

Vüsal Kazımov ziyalı ailəsində böyüyüb boya-başa çatmışdı. Atası Kamran Kazımov Lənkəran Dövlət Universitetinin dosentidir. Vüsal Lənkəran Dövlət Universitetində ali təhsil aldıqdan sonra hərbi xidmət keçmiş, N saylı hərbi hissədə tağım komandiri olmuşdu. Həqiqi hərbi xidmət müddəti başa çatandan sonra Lənkərana qayıtmış, şəhər Gənclər və İdman İdarəsində işləməyə başlamışdı. V.Kazımova qısa müddət ərzində etimad göstərilərək Lənkəran şəhər Uşaq, gənclər və idman məktəbinə direktor təyin edilmişdi.

Vüsal həyatı sevirdi, dostcanlı idi. Şəhid ailələrinə baş çəkər, onlara yardım edərdi. Şəhid övladlarına baxanda deyərdi ki, o uşaqların atasından artıq deyilik. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımız üçün, bizim üçün şəhid olublar. Allah mənə də o adı qismət eləsin...

Vətən müharibəsində Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərinin erməni işğalçılarından azad edilməsində şücaət göstərmiş Azərbaycan Ordusunun baş leytenantı Vüsal Kazımov Daşaltı və Şuşada gedən döyüşlər zamanı şəhid oldu...

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki, bu millət yaşadıqca o, xalqımızın yoluna işıq saçacaq...

Vüsaldan geriyə xatirələrdə hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də Vətən əmanəti Nuray və Aynur adlı iki qız övladı qaldı.

Şəhid noyabrın 29–da Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.