Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Sarkayev Nəcməddin Əli oğlu idi.
Nəcməddin Sarkayev Balakən rayonunun Şərif kəndində anadan olmuşdu. 2006–2017-ci illərdə doğma kəndlərində şəhid N.Davudov adına 1 saylı tam orta məktəbdə təhsil almışdı. Ailədəki üç övladdan evin sonbeşiyi olan Nəcməddin 2017–2019-cu illərdə Tərtər rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı iri ticarət mərkəzlərindən birinin təhlükəsizliyini təmin edən “Sabit Mühafizə Xidməti” MMC-də mühafizəçi olaraq işləyən Nəcməddin kollektiv arasında səmimiyyəti, mehribançılığı və işgüzarlığına görə hər kəsin hörmətini qazanmışdı.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşdü. Döyüşlərin birində yaralandı. Müalicəsi bitər-bitməz yenidən cəbhə xəttinə, torpaqlarımızı işğaldan azad edən döyüş yoldaşlarının yanına yollandı. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəcməddin Sarkayev doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı.
Şəhidlik əbədiyyət zirvəsidir. Nəcməddin Sarkayev artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə də daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda belə cəsur, vətənsevər bir gənclə qısa müddət də olsa bir yerdə çalışdıqları üçün qürur hissi keçirirlər.
Nəcməddin Sarkayev yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz azaddır.
Vətən torpağı şəhidləri ilə ucalır. Qəbri nurla dolsun!