Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialı ilə davamlı inkişaf edən ölkəyə çevrilib. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində dünyada azərbaycanlı diasporu təşkilatlanıb və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib.
Dekabrın 12-si ümummilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatından 17 il ötür.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası bu münasibətlə virtual sərgi hazırlayıb. “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı sərgidə ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur. Təqdim olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm