Azərbaycanın Kəlbəcər rayonu qayaüstü rəsmlər, tarixi abidələrlə zəngindir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrində qayaüstü təsvirlərin aşkarlanmasına həsr edib.

Azərbaycanın belə yüksək dağlıq zonasında 8 minə yaxın qayaüstü rəsmləri üzə çıxaran alim mövzu və bədii dolğunluq baxımından Kəlbəcər təsvirlərinin tayı-bərabəri olmadığını deyir. Onun sözlərinə görə, Kəlbəcərin qayaüstü təsvirlərindən ən qədiminin tarixi e.ə. IV-III minilliyə təsadüf edir.

Arxeoloq alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb. Vurğulayıb ki, Kəlbəcərin qayaüstü təsvirləri yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində tanıdılmalıdır.