Böyük İpək Yolunun polad relslər üzərində dirçəlməyi hədəfləyən və əsas qovşaq-magistralı Bakı-Tbilisi-Qars xətti olan, Çindən Avropayadək uzanan dəmir yolunda hər iki istiqamətdə yükdaşımaları başlayır.
Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 8-də Qars vilayətindən Gürcüstana – Axalkalaki dəmir yolu stansiyasına səmt alıb. Dekabrın 4-də İstanbuldan yola çıxan qatar dörd gündə Türkiyənin Kocaeli, Ankara, Kayseri, Sivas, Erzurum və Sarıkamış stansiyalarından keçib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən 754 metr uzunluğunda yük qatarı 42 konteynerdən ibarətdir. Qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçməklə ümumilikdə 8693 kilometr yol qət edəcək.
Qeyd edək ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Avropaya – Çexiyanın paytaxtı Praqaya çatıb.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilk dəfə olaraq ikitərəfli rejimdə işə salınıb. 2017-ci ilin oktyabrında açılışı keçirilən bu xəttin uzunluğu 826 kilometrdir. Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin bazarı arasında ən qısa marşrutdur. Qatarın 12 gün ərzində Çinin Sian əyalətinə çatması gözlənilir.