Çin və Nepal dünyanın ən uca nöqtəsi olan Comolunqmanın (Everest) hündürlüyü ilə bağlı son ölçmələrin nəticəsini açıqlayıb. Yer kürəsinin ən hündür dağ zirvəsi 8848 metr 86 santimetrdir.
Çin ilə Nepalın sərhədində yerləşən zirvənin hündürlüyünün yenidən ölçülməsi ilə bağlı iki ölkə arasında ötən il əldə olunmuş razılığa əsasən cari ilin yazında Çin mütəxəssisləri Comolunqmaya xüsusi ekspedisiya həyata keçiriblər. Çin tərəfi zirvənin hündürlüyünün yenidən ölçülməsi missiyasına aprelin 30-da start verib. Missiya Comolunqmanın hündürlüyünü ölçmək üçün qravimetrdən, qar dərinliyini müəyyən edən radardan və meteoroloji ölçü cihazından, habelə qlobal naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə edib. Çin heyəti mayın 27-də səhər saatlarında dağın zirvəsinə çatıb.
Nepalın ölçmə missiyasının üzvləri isə ötən ilin mayında zirvəyə çıxmışdılar.
Qeyd edək ki, Çin indiyədək Comolunqma zirvəsinin hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki axırıncı ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi. Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranmışdı. Missiyanın nəticəsi göstərir ki, zirvənin hündürlüyündə azalma yoxdur, əksinə, “boyu artıb”.
CAVİD